Ana səhifəADDA-nın tarixi

 

                            

1881-ci ilin noyabr ayından Azərbaycan dənizçilik təhsilinin əsası qoyulduğu gündən, Baki Dənizçilik məktəbinin tarixi başlanır. Ötən 134 il ərzində bu məktəb böyük inkişaf yolu keçərək regionda yegənə olan Dəniz Akademiyası səviyyəsinə qədər yüksəlmişdir.


Azərbaycan Respublikası Mərkəzi dövlət tarix arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 (8) noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır.



1 iyul 1902-ci ildə Bakı dənizçilik sinifləri əsasında üçillik Bakı uzaq səfərlər məktəbi yaradıldı və eyni zamanda məktəbin tərkibində hazırlıq kursları təşkil edildi.

1 oktyabr 1921-ci ildə isə Bakı su nəqliyyatı texnikumunda istehsalatdan ayrılmamaqla axşam şöbəsi və istehsalatdan ayrılmaqla əyani şöbə açıldı.

1930-cu ilin martında hökumətin sənaye texnikumlarının sahələr üzrə yenidən təşkili haqqında qərarına uyğun olaraq 1 sentyabr 1930-cu ildə Bakı su yolları texnikumu Bakı dənizçilik texnikumu, 1944-cü ilin martından isə Bakı dənizçilik texnikumu Bakı dəniz yolları məktəbi adlandırıldı.

Ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən Bakı Dəniz yolları məktəbinin bazasında Azərbaycan Respublikası Nazirlər kabinetinin 15 iyul 1996-cı il 91 saylı qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Bu, Azərbaycan təhsilinin yeni bir istiqaməti olaraq respublikamızın ticarət gəmilərində işləmək üçün ixtisaslı dənizçi kadrlar hazırlayan yeganə ali məktəb oldu.

Hal-hazırda Akademiyada 3 fakültə, 6 kafedra fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 235 saylı 14.12.2010-cu il tarixli qərarı ilə ADDA-da aşağıda göstərilən ixtisaslar üzrə doktorantura açılmışdır.

1995-ci ilin may ayında Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi, Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olundu və bu təşkilatın bütün konvensiyalarını qəbul etdi. Azərbaycan Konvensiyaya qoşulduqdan sonra Dəniz Akademiyası ilk gündən BDT-nin “Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında” 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq təhsilini qurmuşdur. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış və müvafiq qaydada təsdiq edilərək, BDT tərəfindən qəbul edilmişdir.Azərbaycan Dövlət Dəniz Akademiyası 2000-ci ilin yanvar ayında Beynəlxalq Dəniz Təşkilatının dəniz təhsil məktəbləri kataloquna 012 sayla daxil edilmişdir.

Hazırda Akademiyanın verdiyi diplom və sertifikatlar beynəlxalq səviyyədə tanınır.

Akademiyanın fəaliyyətinin digər bir istiqaməti kadrların ixtisasartırma və yenidən hazırlanması sahələrində gördüyü işlərdir. Bu məqsədlə Akademiyada Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 saylı qərarı ilə “Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi” yaradıldı. Burada müxtəlif kurslar fəaliyyət göstərir.  

Akademiyanın tərikbində Sıravi Heyət Mütəxəssisləri Hazırlama şöbəsi (Dənizçilik məktəbi) də fəaliyyət göstərir. Burada dənizçilik idarələrinin tələbatına uyğun orta-peşə təhsilli kadrlar hazırlanır. Akademiyada dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində tədris prosesi qurulmuşdur.

2002-ci ilin oktyabrında Akademiya dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001-2000 Beynəlxalq standartına uyğun sertifikata layiq görülmüş və 2010-cu ilin fevralın 1-dən isə Akademiyada İSO 9001-2008 keyfiyyət menecment sistemi tətbiq edilir.

Akademiya Türkiyə, Almaniya, Polşa, Bolqarıstan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Latviya və digər xarici dövlətlərin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir. Akademiya Beynəlxalq dənizçilik ali məktəblərinin assosiasiyasının, Sankt-Peterburq şəhərindəki A. Makarov adına Dənizçilik Akademiyası tərkibində fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-metodiki şurasının üzvüdür.

Hazırda Akademiyada 1300-ə yaxın tələbə təhsil alır. O cümlədən 28 xarici tələbə: bunlardan 25 nəfər - Qazaxıstan, 1 nəfər - Gürcüstan,  1 nəfər - Rusiya, 1 nəfər – Türkmənistan vətəndaşlarıdır. Tələbələr tədrislə yanaşı, həm də kafedraların elmi-tədqiqat laborato-riyalarının araşdırmalarında iştirak edirlər.

Akademiyada Tələbə Elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, Həmkarlar təşkilatı, tələbə özfəaliyyət (musiqi) qrupu, Qadınlar cəmiyyəti fəaliyyət göstərir.

2011-ci ildə ADDA-nın “Elmi-Əsərlər” adlı elmi-texniki jurnalına İSSN beynəlxalq indeks verilib.

Professor-müəllim və tələbə heyətinin effektiv fəaliyyəti üçün Akademiyada hər cür şərait yaradılmışdır. Onların tələbatını ödəyən kompüter mərkəzi, poliklinika, yeməkxana, şəhərin mərkəzində rahat, təmirli yataqxana vardır. Akademiyanın Azərbaycan, rus və ingilis dillərində 80.000-nə yaxın dənizçilik ixtisasları üzrə dərslik və dərs vəsaitləri, elmi, bədii ədəbiyyat toplanmış zəngin Elmi-texniki kitabxanası fəaliyyət göstərir.

Akademiyada “Elektron Akademiyası” yaradılıb. Tədris olunan fənlər üzrə mühazirə konspektlərinin elektron və çap variantı hazırlanmış və Akademiyanın kitabxanasına təhvil verilmişdir.

Tələbələrimiz Beynəlxalq və Respublika səviyyəli yelkənli qayıq, futbol, güləş və şahmat üzrə yarışlarda iştirak edirlər. Yelkənli qayıq yarışlarında yüksək nəticələr əldə edilmişdir.