Ana səhifəGəmi mexanikası

Gəmi mexanikası fakültəsi

 

 

 

                      

     Azərbaycan Respublikası Nazirlər kabinetinin 91 saylı  1996-cı il 15 iyul  tarixli qərarı ilə  Bakı Dəniz Yolları Məktəbinin bazasında   Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılmışdır.

     Həmin ildən  Akademiyada   “ Dəniz texnikası və gəmiçilik”  fakültəsi fəaliyyət  göstərmişdir. 2015-ci ildən  etibarən  bu fakültənin bazasında “ Gəmi mexanikası”  “ Dəniz  naviqasiyası ” və “Gəmi elektromexnikası ” fakültələri yaradılmışdır.

     “Gəmi mexanikası ”  fakültəsi  Respublikada dənizçilik sahəsində bakalavr, magistratura və doktorantura pillələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssislərin, həmçinin elmi-pedaqoji kadrların hazırlığını aparır.

Bakalavr səviyyəsində

  • Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
  • Gəmi energetik qurğularının istismarı mühəndisliyi

Magistratura səviyyəsində

  • Dəniz texnikası və texnologiyası mühəndisliyi
  • Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi

 Hazırda “Gəmi mexanikası”  fakültəsinin bakalavr pilləsində 415 tələbə təhsil alır (bunlardan 338 nəfər əyani, 77 nəfər qiyabi şöbədə oxuyur).  Magistratura pilləsində 9 nəfər, doktoranturada isə 11 nəfər dissertasiya işləri üzərində çalışır.

Fakültənin tərkibinə iki kafedra daxildir:

“Gəmi energetik qurğuları və gəmiqayırma”   –     ixtisas kafedrası

“Mexanika və riyaziyyat”                                  -   ümumtəlim kafedrası

     “Gəmi mexanikası”  fakültəsinin  “ Gəmi energetik qurğuları və gəmiqayırma” kafedrasının əsası 1996 – cı ildə “Gəmi energetik qurğuları” kafedrası adı altında qoyulmuş, 2015 – ci ildən isə “Gəmiqayırma və gəmi təmiri” kafedrası ilə birləşərək “Gəmi energetik qurğuları və gəmiqayırma” kafedrası adı altında fəaliyyət göstərir. Kafedrada işləyən  28 müəllimin   3-çü  professor, 7 –si dosentdir. Kafedranın məzunları təyinata  əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin tabeliyində olan   müxtəlif qurumlara, o cümlədən nəqliyyat və neft donanmalarına, gəmiqayırma və gəmi təmiri zavodlarına işləməyə göndərilir və həmin müəssisələrdə motorçu, mexanik, baş mexanik, mühəndis, texnoloq və s. vəzifələrdə çalışırlar. Bundan başqa kafedranın məzunları xarici ölkələrə məxsus şirkət və firmaların gəmilərində mexanik və baş mexanik kimi də işləyirlər.

       Kafedrada gəmi energetik qurğuları və onların istismarı istiqaməti üzrə gəmi energetik qurğularının motoresursunu və onların istismar effektivliyinin artırılması problemi üzrə nəqliyyat gəmilərində istismar effektivliyinin artırılması və istismar parametrlərinin tənzimlənməsi yolu ilə gəmi dizellərinin iqtisadi, energetik və ekoloji göstəricilərinin yaxşılaşdırılması mövzularında elmi tədqiqat işləri yerinə yetirilir. Hal – hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində istismar edilən  müasir tankerlərin (“Prezident Heydər Əliyev”, “Cəlil Məmmədquluzadə”, “C. Həşimov” və s.) diaqnostika üsulu ilə sükan quruluşunda vibrosürət, vibrotəcil və digər parametrlərin müəyyən edilməsi nəticəsində onun etibarlılıq həddini təyin edilməsi istiqamətində tədqiqat işləri aparılır. Bundan başqa   2Ч 10,5/13 və 2Ч 9,5/11,0 markalı dizel mühərriklərinin sınaq qurğusunda istismar parametrlərinin (yanacaq verilməsinin qabaqlama bucağının, forsunkanın başlanğıc püskürmə təzyiqinin, soyutma sistemindəki soyuducu mayenin temperaturunu və s.) mühərrikinin iqtisadi, energetik və ekoloji göstəricilərinə təsirirni aydınlaşdırmaq məqsədi ilə riyazi modelin köməyi ilə riyazi tədqiqatlar tamamlanmış, motor sınaqları isə davam etdirilir.  

   “Gəmiqayırma və gəmi təmiri texnologiyası” istiqamətində gəmi mühərriklərinin məsul hissələrinin istismar göstəricilərinin  yaxşılaşdırılması problemi üzrə silindr oymaqlarının istismar  şəraitinin,  hazırlanma və bərpa texnologiyalarının   təhlili və   təkmilləşdirilməsi mövzularında dövlət büdcəli elmi-tədqiqat işləri yerinə yetirilir.

 

     Fakültənin  “ Mexanika və riyaziyyat ” kafedrası 2015-ci ilin sentyabrında “ Riyaziyyat ” və “ Tətbiqi mexanika ” kafedralarının bazasında yaradılmışdır. Kafedrada çalışan 25 müəllimin 3 professor,  13 dosentdir.  Kafedra akademiyanın ümumpeşə hazırlığını həyata keçirən əsas kafedralardan biri olub, ali təhsilin bakalavr və magistr pillələrində dəniz nəqliyyatı üçün mütəxəssis hazırlığının bütün istiqamət və ixtisasları üzrə təhsil alan tələbələrə fundamental elmlər (Riyaziyyat, Fizika və s. ) ilə yanaşı, həm də “Nəzəri mexanika”, “Tətbiqi mexanika”, “Materiallar müqaviməti”, “Materialşünaslıq və materiallar texnologiyası”, “Maşın və mexanizmlər nəzəriyyəsi”, “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma”, “Kompüter texnologiyaları” kimi ümumpeşə fənlərin də tədris edir. Kafedrada dərslər müasir tələblərə cavab verən fizika, materiallar müqaviməti, maşın hissələri və konstruksiyaetmənin əsasları, maşın və mexanizmlər nəzəriyyəsi, materialşünaslıq və materiallar texnologiyası, metrologiya və standartlaşdırma laboratoriyalarında, müasir komputer texnologiyaları və multimedia vasitələri ilə təchiz olunmuş ixtisaslaşdırılmış auditoriyalarda aparılır.

 

      Kafedrada Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmi təsərrüfatı üçün çox mühüm və aktual olan istiqamətlər üzrə və həmçinin fizika, riyaziyyat kimi fundamental elmlər sahəsində də elmi tədqiqat işləri aparılır.

 Kafedrada mayenin, qazın və plazmanın mexanikası əsasında gəmilərin müxtəlif istismar şəraitlərində onların ətrafında hidrodinamik prosesləri təsvir edən real və fiziki əsaslandırılmış riyazi modelin yaranması, gəmiçilikdə bəzi problemlərin həlli üçün qaz-maye mühit mexanikası üsullarının tətbiqi ilə eksponent və qüvvət funksiya şəklində özlü maye qarışığının yeni hal tənliyinin alınması və onun köməyilə dəniz suyunda səsin yayılması və sönməsinin əsas qanunauyğunluqlarının öyrənilməsi, silindr gilizlərinin xarici səthinə antifriksion örtüyün çəkilməsi, bərpa olunmuş silindr gilizlərinin kavitasiya dözümlülüyünə, onun   silindr-porşen qrupunun resursuna təsirinin qiymətləndirilməsinin eksperimental tədqiqatlar yolu ilə işlənməsi, gəmi mühərriki detallarının kimyəvi-termik emal vasitəsilə istismar müddətinin artırılması, mühərrik detallarının (silindr oymaqlarının) bərpa texnologiyasının nəzəri və eksperimental əsaslandırılması, habelə fundamental elmlər sahəsində də (müasir elektron cihazlarında və texnologiyada tətbiq olunan yeni materialların alınması istiqamətində müəyyən istiqamətdə yönəlmiş yarımkeçirici tərkibli evtektik  ərintilərin  alınması, elektrofiziki xassələrinin öyrənilməsi)  tədqiqat işləri aparılır.

 

 

Fakültənin dekanı:  Fazil Orucov

 

Tel.:   (+99412) 493 36 44 

E-mail:  fazil.orujov@acsc.az