Ana səhifəTələbə Gənclər Təşkilatı

 

Tələbə Gənclər Təşkilatı haqqında ümumi məlumat

 

  Tələbə Gənclər Təşkilatlarının tarixi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbəri Ramiz Mehdiyevin «Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» 2005-ci il 15 fevral tarixli 41 №li Sərəncamı ilə bağlıdır. Həmin sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyinin üzərinə düşən vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Naziri Misir Mərdanov «Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» 2005-ci il 28 fevral tarixli 89 №li əmr imzalamışdır. Bununla bütün dövlət və qeyri-dövlət təhsil müəssisələrində tələbələrin sayından asılı olaraq tələbə-gənclər təşkilatlarının yaradılması başlanıldı.

Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərini tənzimləmək məqsədilə 2005-ci ilin 6-7 may tarixlərində Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) və Təhsil Nazirliyi «Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının Əsasnaməsi»ni təsdiq etmişlər. 2007-ci ildə isə, Əsasnamə yenidən işlənərək hər iki nazirlik tərəfindən təsdiq olunmuş, ali və orta ixtisas təhsili müəssisələrinə paylanılmışdır.

TGT-lərin əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;

- tələbələr arasında maarifləndirmə işinin aparılması;

- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

- tələbələrin hüquqlarının təmin edilməsi;

- respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;

- tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;

- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;

- tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;

- tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;

- tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;

- təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;

- qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

Azərbaycan Tələbə Gənclər İttifaqında birləşən, ümumilikdə 105 ali və orta ixtisas təhsil müəsissələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının 30 mindən çox tələbə gənc üzvüdür.

 

                 TGT-lərin Əsasnaməsi

I. Ümumi müddəalar

1.1. Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatı (bundan sonra «Təşkilat») təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyllərini, intellektual inkişaflarını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir.
1.2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
1.3. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Təşkilat ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan müstəqil tələbə-gənclər təşkilatıdır.

 

 II . Təşkilatın əsas məqsəd və vəzifələri

2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

 

2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

2.2.1. tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
2.2.2. tələbələr arasında maarifləndirmə işinin aparılması;
2.2.3. tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
2.2.4. tələbələrin hüquqlarının təmin edilməsi;
2.2.5. respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
2.2.6. tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
2.2.7. tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
2.2.8. tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
2.2.9. tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
2.2.10. tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
2.2.11. təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
2.2.12. qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

 

III. Təşkilata üzvlük, üzvlərin hüquq və vəzifələri

3.1. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri təhsil aldıqları müəssisələr üzrə təşkilata üzv ola bilərlər.
3.2. Təşkilata üzvlük könüllü xarakter daşıyır.
3.3. Təşkilata üzvlərin qəbulu İdarəetmə Şurası tərəfindən həyata keçirilir.
3.4. Təşkilata üzv olmaq istəyənlər İdarəetmə Şurasına yazılı şəkildə müraciət edir. Müraciətə 10 gün müddətində baxılır və İdarəetmə Şurasının üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə üzvlüyə qəbul həyata keçirilir.
3.5. Təşkilatın üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

 

3.5.1. təşkilatın idarəçiliyində iştirak etmək;
3.5.2. təşkilatın hər hansı seçkili orqanına seçmək və seçilmək;
3.5.3. təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək;
3.5.4. təşkilatın fəaliyyəti barədə məlumat almaq;
3.5.5. müxtəlif layihə və proqramlarla çıxış etmək;
3.5.6.öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün təşkilata müraciət etmək.

3.7. Təşkilatın üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.
3.8. Təşkilatın üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

3.8.1. təşkilatın Əsasnaməsinə əməl etmək;
3.8.2. gördüyü işlərə məsuliyyətlə yanaşmaq;
3.8.3. təşkilatın seçkili orqanlarının qərarlarını yerinə yetirmək.

3.9. Təşkilatın üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

3.9.1. təşkilat ləğv edildikdə;
3.9.2. könüllü olaraq təşkilatın üzvlüyündən çıxdıqda;
3.9.3. təşkilatın üzvlüyündən çıxarıldıqda.

3.10. Təşkilat üzvünün üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda İdarəetmə Şurasına şikayət etmək hüququ var.

 IV. Təşkilatın strukturu

4.1 Təşkilat aşağıdakı strukturlara malikdir:

4.1.1. qrup təşkilatı;
4.1.2. fakültə təşkilatı;
4.1.3. ali və orta ixtisas təhsili müəssisəsi (universitet, akademiya, institut, konservatoriya, kollec, texnikum) üzrə təşkilatı.

4.2. Qrup təşkilatı ən azı 3 (üç) nəfərdən ibarət olan tələbə – gənclər təşkilatının ilk özəyidir.
4.3. Qrup təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
4.4. Qrup təşkilat üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini daxil olmaqla 5 (beş) nəfərdən ibarət İdarə Heyəti seçilir.
4.5. Qrup təşkilatının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini fakültə İdarə Heyətinin diqqətinə çatdırır və fakültə üzrə qəbul edilən fəaliyyət proqramının qrup daxilində icra olunmasını təmin edir.
4.6. Qrup təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 2 (iki) dəfə keçirilir.
4.6. Fakültə təşkilatı fakültə üzrə olan qrupların ən azı yarısında özəklər fəaliyyət göstərdiyi təqdirdə yaradılır.
4.7. Fakültə təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
4.8. Fakültə üzrə qrup təşkilatlarını təmsil edən nümayəndələrdən, sədr və sədr müavini daxil olmaqla ən azı 7 (yeddi) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır.
4.9. İdarə Heyəti fakültə təşkilatı üzvlərinin təşəbbüslərini Təşkilatın İdarəetmə Şurasının diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının fakültə daxilində icra olunmasını təmin edir.
4.10. Fakültə təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 1 (bir) dəfə keçirilir.

V.Təşkilatın idarəetmə orqanları

5.1. Təşkilatın idarəetmə orqanları aşağıdakılardır:

5.1.1. Konfrans;
5.1.2. İdarəetmə Şurası;
5.1.3. Təftiş Komissiyası.

 

                    Tələbə Gənclər Təşkilatlarının I Regional Forumunun

BƏYANNAMƏSİ

Biz Tələbə Gənclər Təşkilatları olaraq 29 iyul 2016-cı il tarixində Tələbə Gənclər Təşkilatlarının (TGT-lərin) I Regional Forumunda iştirak etmək üçün dövlət rəsmiləri, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə TGT-lərin Əsasnaməsinə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Nizamnaməsinə uyğun olaraq Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, vəzifə və öhdəliklərinin düzgün qiymətləndirilməsi, TGT-lərin gənclər siyasətində rolunun artırılması haqqında qərar qəbul etdik. Bundan sonra Tələbə Gənclər Təşkilatı (TGT) təşkilatın işini təkmilləşdirmək üçünəsasnaməyə uyğun olaraq tələbələr arasında bütün fakültə, ixtisas, kurslar daxil olmaqla, təbliğ olunsun. TGT-nin vəzifə və öhdəlikləri bütün idarəetmə şurası və idarə heyəti tərəfindən əsasnaməyə uyğun olaraq yerinə yetirilsin. Tələbələrin təşkilata cəlb olunması prosesinin sürətləndirilməsi, problemlərin həlli üçün müvafiq olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) və təhsil müəsissəsinin rəhbərliyinə müraciət olunması və həllinin tapılması operativ şəkildə həayata keçirilsin. Yuxarıda qeyd olunan məqamlar, həm TGT əsasnaməsi, həm də ATGTİ-nin nizamnaməsi bir qayda olaraq təşkilat rəhbərləri və üzvləri tərəfindən yerinə yetirilsin.

Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planına uyğun olaraq yaradılmış Tələbə Gənclər Təşkilatı ölkənin gənclər siyasətində yaxından iştirak etməlidir. Bunu əsas götürərək gənclər arasında layihələrin təbliğ olunması, tələbələrin yerli və beynəlxalq tədbirlərə cəlb olunması, ölkədə keçirilən tədbirlərdə onların yaxından iştirakının təmin olunması, təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradılması  Tələbə Gənclər Təşkilatının idarə heyətinə tapşırılır.

Təşkilatın işini vaxtında yerinə yetirməsi, yaranan problemləri operativ olaraq həll etməsi üçün maddi-texniki baza ilə yaxşı təmin olunması mütləqdir. Bunu nəzərə alaraq bütün TGT nümayəndəlikləri dərs ilinin ilk 20 günlüyündə təhsil müəsissəsinin rəhbərliyinə təqdimatla müraciət etsin.

Təhsil müəsissələrində özünü idarəetmə qurumu olan Tələbə Gənclər Təşkilatı birmənalı olaraq müəsissənin rəhbərliyində idarəçiliyə (imtahan komissiyasının tərkibində, elmi şurada) cəlb olunsun. Bununla bağlı TGT nümayəndəliyi rəhbərliyə yazılı müraciət etsin.

Azərbaycan Respublikasının İcra Aparatı rəhbərinin 15 fevral 2005-ci il tarixli, 41 nömrəli sərancamı ilə yaradılan Tələbə Gənclər Təşkilatının fəaliyyətini genişləndirməsi, tələbələrə daha böyük töhfə verməsi, ölkənin ictimai sahəsində, gənclər siyasətində yaxından iştirak etməsi üçün hüquqi statusunun təmin olunması zəruridir. Bunu diqqətə alaraq, Tələbə Gənclər Təşkilatlarının nümayəndiliklərinin dərs ilinin ilk 30 günü müddətində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmələri tapşırılır.

Yuxarıda qeyd olunan qərarların düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət işi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına tapşırılsın.

Forum müddətində qeyd olunan problemlər və təklif olunan həll yollarının nəzərə alınması, qeyd edilən problemlərin həll olunması üçün Ramiz Mehdiyevin 15 fevral 2005-ci il tarixli 41 nömrəli sərəncamı aparılan kadr dəyişikliklərini nəzərə alaraq bütün təhsil müəsissələrinin rəhbərlərinə TGT nümayəndəlikləri tərəfindən göndərilsin.

29 iyul 2016 – cı il tarixində baş tutan TGT-lərin I Regional Forumunda qərara alınan qərarlar TGT nümayəndəlikləri tərəfindən bütün təhsil müəsissələrinin rəhbərliklərinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerli nümayəndəliklərinə göndərilsin.