- ELMİ KONFRANSLAR -

“Su nəqliyyatının problemləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans

Hər il Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçirilir.

Beynəlxalq elmi-texniki konfransımızın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri, gənc tədqiqatçıları və istehsalatda çalışan aparıcı mütəxəssisləri bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri təhlil etmək, ortaq problemləri və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, qarşılıqlı faydalanmaqdır.

Geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın ali təhsil və elm ocaqları ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Ukrayna, Gürcüstan, Latviya, Polşa, Qazaxıstan və digər xarici ölkələrdən olan alimlər və bir çox aparıcı mütəxəssislər iştirak edirlər. 

Konfrans öz işini 5 bölmə üzrə aparır - “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Gəmiçilik texnikası”, “Gəmiçilikdə təbiət elmlərinin problemləri” və “Gəmiçilikdə humanitar və dilçilik problemləri”.

Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materialları “ADDA-nın Elmi əsərləri” məcmuəsində çap olunur. Konfransın materialları Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc edilir. 

   

“Dəniz nəqliyyatının inkişafı” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransı

Hər il Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatının inkişafı” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransı keçirilir.  Konfrans daha savadlı, yüksək ixtisaslı və dünyagörüşlü gənc nəslin yetişdirilməsinə xidmət edir, tələbələri elmi yaradıcılığa həvəsləndirir, öz fikirlərini  sərbəst və aydın ifadə etmələrinə şərait yaradır.

Bölmələr üzrə ilk 3 yeri  tutan qaliblər  müvafiq diplomlarla təltif olunur.

Elmi konfransın məruzələri “Tezislər toplusunda” dərc edilir.