- XƏBƏRLƏR -
9010 Arxiv
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Dəniz Akademiyasında “Açıq qapı günü”
2016.09.09 12:00
Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Dəniz Akademiyasında “Açıq qapı günü” - yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib. Görüşdə Gəmiçiliyin rəhbər işçiləri, donanma rəisləri, gəmi təmiri zavodlarının direktorları, Bakı Gəmiqayırma Zavodunun və Gəmiçiliyin alyans tərəfdaşı olan “Caspian Marine Services” şirkətinin nümayəndələri iştirak ediblər.
 
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev görüşü açaraq, builki tələbə qəbulunun yekunları, Akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verdi.
Bildirdi ki, 2016-2017-ci tədris ili üçün müəyyən edilmiş qəbul planında nəzərdə tutulan 370 yerə 309 abituriyent daxil olub. İlk dəfə olaraq onların sırasında 600-dən yuxarı bal toplayanlar da var. Bu, çox sevindirici haldır. Hazırda Dəniz Akademiyasında 1200-ə yaxın tələbə təhsil alır. Son iki ildə onların müvəffəqiyyət göstəriciləri (imtahanlardan uğurla keçənlərin sayı) 67,5 faizdən 80,45 faizə, keyfiyyət göstəriciləri isə (imtahanlardan “əla” və “yaxşı” qiymət alanların sayı) 13,5 faizdən 36,7 faizə yüksəlib. Bugün Akademiyada 63 tələbə əlaçıdır, əla və yaxşı oxuyanlar 305 nəfərdir.
 
Tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə 2 dəfə isti yeməklə pulsuz təmin olunurlar. Bu, Gəmiçilik rəhbərliyi tərəfindən Akademiyanın qayğılarına və problemlərinə yaxından göstərilən diqqət, atılan əməli addımlar nəticəsində mümkün olub.
 
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini Zamiq İsmayılov Xəzərdə ticarət gəmiçiliyinin və neft donanmasının tarixi, respublikamızda dəniz nəqliyyatının inkişafı, ölkə rəhbərliyinin Gəmiçilik qarşısında qoyduğu vəzifələr, strateji hədəflər barədə  ətraflı söhbət açdı. Vurğuladı ki, Ulu Öndər Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik illərində dəniz nəqliyyatına böyük qaygı göstərib, prezident İlham Əliyevin diqqəti sayəsində bu sahədə struktur islahatları uğurla davam etdirilir, Gəmiçiliyin müasir standartlara uyğun çevik bir şirkətə çevrilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi hazırda istər regionda, istərsə də bütövlükdə MDB məkanında texniki imkanlarına və maddi-texniki bazasına görə liderlər sırasındadır.
 
Zamiq İsmayılov birinci kursa daxil olmuş tələbələrə, bütövlükdə Dəniz Akademiyasının tələbə-müəllim heyətinə yeni tədris ilində uğurlar arzuladı, 500-600 baldan yuxarı nəticə göstərən 9 tələbəyə noutbuk təqdim etdi.
 
   
 
Sonda gənclərin və valideynlərin sualları səsləndi, görüş iştirakçıları Dəniz Akademiyasının auditoriyaları və laboratoriyaları ilə tanış oldular. 
 
Qeyd edək ki, görüş barədə videoreportajlara AzTV-nin "Xəbərlər" proqramında saat 17.00-da, Lider TV-nin "Səda" proqramında saat 19.00-da baxa bilərsiniz. Bununla yanaşı, Azərtacın və Gəmiçiliyin saytlarında tezliklə müvafiq materiallar yerləşdiriləcək, sabah dövri mətbuatda dərc olunacaq.