- XƏBƏRLƏR -
8801 Arxiv
ADDA-da “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” münasibətilə tədbir keçirildi
2016.10.17 15:00

17 oktyabr 2016-cı ildə ADDA-da İnformasiya resurs mərkəzinin və Tələbə Gənclər Təşkilatının birgə hazırladıqları “Ümumdünya narkomaniya əleyhinə mübarizə günü”nə həsr olunmuş “ADDA gəncləri narkotiklərə yox deyir” mövzusunda tədbir baş tutdu.
Tədbirdə Respublika QİÇS-lə mübarizə üzrə həkim Mahmudlu Dilşad xanım və respublikanın bir çox universitet, kolleclərindən tələbə gənclər iştirak edirdi.
26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” münasibətilə keçirilən və narkomaniya ilə mübarizə istiqamətində aparılan maarifləndirmə, təbliğat işlərinin daha da gücləndirilməsinə xidmət edən tədbiri giriş sözü ilə Akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru prof.Z.Şərifov açaraq XXI əsrin bəlası olan narkomaniya barədə tələbə gənclərə öz tövsiyələrini verərək onları digər zərərli vərdişlərdən də uzaq olmağa səslədi.

    
Respublika QİÇS-lə mübarizə üzrə baş həkim Mahmudlu Dilşad xanım öz çıxışında narkomaniya barədə həm sosialoji, həm psixoloji, həm də tibbi baxımdan çox ətraflı, elmi dəlillər gətirərək məlumat verdi.
“Ağ ölüm” təkcə ona düçar olan gəncin deyil, həm də onun ətrafının, ailə və yaxınlarının sonunu gətirə bilən bir faciədir. Bu faciəni əyani olaraq canlandırmaq məqsədilə ADDA-nın 3-cü kurs tələbələri ilə Kooperasiya Universitetinin tələbə qızlarının birgə hazırladıqları “ Bir ailənin dramı” adlı səhnəcik nümayiş olundu.
ADDA-nın müxtəlif kurs tələbələri həm ingilis, həm də azərbaycan dilində mövzu ilə bağlı çıxışlar etdilər.
Daha sonra narkomaniya və onun acı nəticələrini əks etdirən video-çarx izləndi.
Tədbirin sonunda ADDA-nın tərbiyə işləri üzrə prorektoru Ə.Quliyev çıxış edərək gənc nəsli sağlam düşüncəyə, sağlam amallara səsləyərək onları hər cür qeyri-sağlam vərdiş və hərəkətlərdən qorunmağa çağırdı.