- XƏBƏRLƏR -
8243 Arxiv
Gəmiçilik rəhbərliyi gənclərə qayğı göstərir
2016.06.28 12:00

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi Dəniz Akademiyasının təhsildə uğurlu nəticələri ilə fərqlənən məzunlarının işlə təmin olunmasına, karyera inkişafına, əlavə təhsil almasına, habelə sosial müdafiəsinin gücləndirilməsinə daim xüsusi diqqət yetirir. Regionda dənizçilik sahəsində yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrin savadlı mütəxəssis kimi yetişməsi Gəmiçiliyin perspektivli, bilikli kadrlarla təminatında əhəmiyyətli rol oynayır.

 Bu günlərdə Dəniz Akademiyasında bakalavr pilləsini bitirən IV kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi prosesi gedir. 10 ixtisas üzrə təhsil alan gənclər Azərbaycanda dəniz nəqliyyatı sahəsində nüfuzlu mütəxəssislərdən ibarət müdafiə komissiyaları qarşısında çıxış edir, gələcək sərbəst həyatın astanasında son imtahandan keçirlər.

 Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev bu vəzifəyə təyin olunandan dəfələrlə Dəniz Akademiyasının tələbələri ilə rəsmi və qeyri-rəsmi görüşlər keçirib, onların həm təhsili, həm də sosial problemləri ilə yaxından tanış olub, çətinliklərin həlli üçün müvafiq qurumlara tapşırıqlar verib. Gənclərlə səmimi söhbətlərdə onlara dənizçi peşəsinin məsuliyyəti ilə yanaşı, hörməti və şərəfi barədə fikirlərini çatdırıb.

 Buraxılış prosesinin məsuliyyətini nəzərə alaraq, Rauf Vəliyev bu gün Dəniz Akademiyasında olub, müdafiələrin obyektiv və şəffaf aparılması ilə maraqlanıb. Gəmiçiliyin sədri auditoriyalarda tələbələrin çıxışlarını dinləyib, bütövlükdə gənclərin hazırlığına diqqət yetirib, onlara və müəllimlərə tövsiyələrini verib.

 Qeyd edək ki, iyunun əvvəlində Akademiyanın  “Dəniz naviqasiyası”, “Gəmi elektrotexnikası” və “Gəmi mexanikası” fakültələrində konvensiya ixtisasları üzrə təhsil alan üzrə IV kurs tələbələri arasında peşəkar mütəxəssislər və Gəmiçiliyin rəhbər şəxsləri ilə müsahibələrdən keçməklə seçim aparılıb. Təhsildə akademik göstəriciləri, nizam-intizamları, fərdi keyfiyyətləri ilə fərqlənən 11 tələbəyə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyevin imzası ilə işə qəbul üçün zəmanət məktubu təqdim edilib. Onlar Dəniz Akademiyasını uğurla bitirdikdən sonra Gəmiçilik sistemində işlə təmin ediləcəklər.