Məzunlara ən böyük hədiyyə + Foto 04.07.2017

İyulun 4-də Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil aldıqları dövrdə uğurlu nəticələr əldə etmiş IV kurs tələbələri ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndələri arasında görüş keçirildi.

Giriş sözü ilə çıxış edən rektor Çingiz Əliyev son illərdə Gəmiçilik rəhbərliyinin tələbələrə xüsusi qayğısından, onların işlə təminatı sahəsində müsbət tendensiyalardan ətraflı söhbət açdı, Gəmiçiliyin sədri Rauf Vəliyevin mütəmadi olaraq gənclərlə görüşlər keçirdiyini və karyera inkişafını daim diqqətdə saxladığını vurğuladı.

Gəmiçilik sədrinin məsləhətçisi, uzaq səfərlər kapitanı Muxtar Axundov məzunlara uğurlar arzuladı və təcrübəli dənizçi kimi tövsiyələrini çatdırdı.

İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gənclər siyasəti, dənizçilər üçün yaradılan şərait və onların sosial müdafiəsi istiqamətində görülən işlərdən, Akademiya məzunlarının işlə təminatına, karyera inkişafına, əlavə təhsil almasına verilən əhəmiyyətdən danışdı.

Sonda ADDA-nın təhsildə xüsusilə fərqlənmiş məzunlarına Gəmiçilik üzrə ixtisaslarına uyğun işlə təmin edilməklərinə dair zəmanət məktubları təqdim olundu. Bu, müstəqil həyata qədəm qoyan dünənin tələbələri və sabahın dənizçiləri üçün ən böyük hədiyyədir.