Dəniz Akademiyasının nüfuzu ildən-ilə artır. 17.08.2017

Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan bölməsi üzrə ixtisaslarına qəbul planı 100% dolub.

Belə ki, 2017/2018-ci tədris ili üzrə Akademiyaya qəbul üçün ümumilikdə 200 yer ayrılıb. Bunlardan 140-ı Azərbaycan bölməsinin payına düşüb. Bu bölmə üzrə müsabiqədə iştirak etmiş abituriyentlərdən 90 nəfər dövlət sifarişi əsasında, 50 nəfər  isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Rus bölməsi üzrə ayrılan 60 yerdən 15-i boş qalıb. Boş yerlərin II mərhələdən sonra tam dolması gözlənilir.

Cari ildə ADDA-ya yüksək balla qəbul olanların sayında  xüsusi artım qeydə alınıb. Əvvəlki illərdə 15-20 nəfər 400-dən çox bal toplayan abituriyent Akademiyanı seçirdisə, bu il onların sayı 70 nəfərə yaxın olub.  Belə ki, tələbə adını qazananların altmış dördü  400-500, altısı 500-600, üçü isə 600-700 arası bal toplayıb.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi yüksək balla daxil olan 8 nəfəri “AXDG” QSC-nin dəstəyi ilə mükafatlandıracaq. Onların hər birinə noutbuk hədiyyə ediləcək.

Bu il Akademiyaya qəbul üçün üç Türkiyə vətəndaşı da müraciət edib. Onlar hazırda dil kurslarına cəlb olunub. Tələbləri yerinə yetirsələr, Akademiyada ali təhsil almaq hüququ qazanacaqlar.

Sentyabrın 12-də isə Akademiyada tələbələr və valideynləri üçün “ Mən tələbə adını qazandım” adlı böyük tədbir keçiriləcək.

Xatırladaq ki, ADDA-ya 4 ixtisas üzrə qəbul aparılır. Bunlar "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi", “Gəmi energetik qurğularının istismarı mühəndisliyi", "Dəniz naviqasiyası mühəndisliyi" və "Elektrik mühəndisliyi" ixtisaslarıdır.

Dəniz Akademiyası respublikada yeganə ali təhsil müəssisəsidir ki, diplomunu 170-dən çox dövlət tanıyır. Bütün tələbələrə pulsuz forma verilir. Həftənin 5 tədris günü tələbələr ödənişsiz  yeməklə (səhər yeməyi və naharla) təmin olunurlar. Bundan başqa, yüksək standartlara cavab verən yataqxana da Akademiyada oxuyanların ixtiyarındadır.

Ölkədə ixtisaslı dənizçi kadrların hazırlanması sahəsində yeganə  ali məktəb olan Azərbaycan Dövlət Dəniz Akademiyası yeni tədris ilində mütərəqqi yeniliklər edəcək. Akademiyanın daxilində xüsusi “SABAH” qrupları yaradılacaq.

2018/2019-cu tədris ilindən isə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə dərslərin ingilis dilində aparılması planlaşdırılır. Bununla bağlı indidən hazırlıqlara başlanılıb.