- XƏBƏRLƏR -
7900 Arxiv
Dəniz Akademiyası qapılarını açdı
2017.09.12 15:45

Sentyabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında “Açıq qapı günü” – bu il tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib. Görüşdə Gəmiçiliyin rəhbər işçiləri, Bakı Gəmiqayırma Zavodunun və Gəmiçiliyin alyans tərəfdaşı olan “Caspian Marine Services Ltd” şirkətinin nümayəndələri iştirak ediblər. 

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev görüşü açaraq, builki tələbə qəbulunun yekunları, Akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verdi. Bildirdi ki, 2017/2018-ci tədris ili üçün müəyyən edilmiş qəbul planında nəzərdə tutulan 200 yerə 180 abituriyent daxil olub. İlk dəfə olaraq 64 nəfər 400-dən, 7 nəfər 500-dən, 3 nəfər isə 600-dən yuxarı bal toplayıb. Hazırda Dəniz Akademiyasında 1200-ə yaxın tələbə təhsil alır. Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Artıq 10 ölkədən 17 ali məktəb ilə əməkdaşlıq edilir. Onların sırasında Rusiya, Türkiyə, Polşa, Ukrayna, Latviya, Bolqarıstan və sair ölkələrin aparıcı dənizçilik universitetləri və akademiyaları var. Bu il Rusiya, Gürcüstan, Qazaxıstan kimi dövlətlərlə yanaşı, ilk dəfə olaraq Türkiyə, Türkmənistan və Ukrayna vətəndaşları da bizim Akademiyamıza qəbul olublar. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini Cəbrayıl Mahmudlu ölkə rəhbərliyinin Gəmiçilik qarşısında qoyduğu vəzifələr, strateji hədəflər barədə  ətraflı söhbət açdı, Dəniz Akademiyasında gənclər üçün yaradılmış şəraitdən danışdı. Qeyd etdi ki, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə 2 dəfə isti yeməklə pulsuz təmin olunurlar. Bu, Gəmiçilik rəhbərliyi tərəfindən Akademiyanın qayğılarına və problemlərinə yaxından göstərilən diqqət, atılan əməli addımlar nəticəsində mümkün olub. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini Nəzrəddin Əhmədzadə çıxışında Ulu Öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində dəniz nəqliyyatına böyük qaygı göstərdiyini, prezident İlham Əliyevin diqqəti sayəsində bu sahədə struktur islahatlarının uğurla davam etdirildiyini, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin hazırda istər regionda, istərsə də bütövlükdə MDB məkanında texniki imkanlarına və maddi-texniki bazasına görə liderlər sırasında olduğunu vurğuladı. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin məsləhətçisi, uzaq səfərlər kapitanı Muxtar Axundov yeni, müasir gəmilərin istismarında bilikli və mükəmməl savada malik kadrların əhəmiyyəti barədə söz açaraq bildirdi ki,  Akademiyanı müvəffəqiyyətlə bitirən məzunların əksəriyyəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində, Bakı Gəmiqayırma Zavodunda, bir sıra digər yerli və xarici şirkətlərdə çalışırlar. O, təcrübəli kapitan kimi sabahın dənizçilərinə öz tövsiyələrini verdi.

 AXDG-nin Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev Xəzərdə ticarət gəmiçiliyinin və neft donanmasının tarixi, respublikamızda dəniz nəqliyyatının inkişafı, Gəmiçiliyin strateji hədəfləri haqqında prezentasiya ilə çıxış etdi.

 Bütün çıxış edənlər birinci kursa daxil olmuş tələbələrə, bütövlükdə Dəniz Akademiyasının tələbə-müəllim heyətinə yeni tədris ilində uğurlar arzuladılar.   

Sonra 2017-ci ildə Akademiyanı əla qiymətlərlə bitirən 6 tələbəyə fərqlənmə diplomları təqdim olundu, qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərmiş 10 tələbəyə isə Gəmiçiliyin qiymətli hədiyyələri – noutbuklar verildi. 

Sonda gənclərin və valideynlərin ürək sözləri səsləndi, görüş iştirakçıları Dəniz Akademiyasının tədris auditoriyaları və laboratoriyaları ilə tanış oldular.