- XƏBƏRLƏR -
8348 Arxiv
15 sentyabr - Bilik günüdür
2017.09.15 11:20

Sentyabrın 15-də ölkəmizin bütün tədris ocaqlarında olduğu kimi, Azərbaycan Dövlət Dəniz Akademiyasında da “Bilik günü” keçirilib. Bu münasibətlə təşkil olunan tədbirdə Akademiyanın tələbələri, professor-müəllim heyəti, valideynlər iştirak ediblər.

Azərbaycanın dövlət himni ilə başlayan tədbirdə Dəniz Akademiyasının rektoru Çingiz Əliyev “Bilik günü” münasibətilə təbriklərini çatdırıb, yeni tədris ilində həm tələbələrə, həm də müəllimlərə uğurlar arzulayıb. Bildirib ki, 2004-cü ildən etibarən 15 sentyabr bütün respublikamızda Prezident Sərəncamı ilə “Bilik günü” kimi qeyd edilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində Gənclər siyasəti çox mühüm yer tutur. Gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni  həyatında böyük rol oynayırlar və Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının bu siyasəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən tam dəstəklənir və bizim strukturlarda uğurla həyata keçirilir. Gəmiçiliyin sədri Rauf Vəliyevin təşəbbüsü ilə gənclərə hər bir sahədə yer verilir, bütün lazımi şərait yaradılır. Ali təhsilli dənizçi kadrların hazırlanması zərurətini nəzərə alaraq, Dəniz Akademiyasında tədris prosesi, onun maddi-texniki bazası, laboratoriya və trenajorları ildən-ilə təkmilləşdirilir, yeni, müasir avadanlıqlar alınır.

Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov tələbələrə yeni tədris ilində müvəffəqiyyətlər arzulayaraq, xüsusilə birinci kursa daxil olmuş gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Qeyd edib ki, müstəqil həyata qədəm qoyan gənclər yalnız səy göstərməklə, dərslərinə diqqətlə və nizam-intizama riayət etməklə şərəfli dənizçi peşəsinə yiyələnə biləcəklər. Bunun üçün Akademiyada hər cür şərait var, gənclərin karyera yüksəlişi isə Gəmiçilik rəhbərliyinin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bizim Akademiyamıza xarici ölkə vətəndaşlarının marağı ildən-ilə artmaqdadır. İlk dəfə olaraq, bu il Türkiyə və Türkmənistandan da tələbələrimiz var. Onlar Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstandan olan yaşıdları ilə birlikdə dəniz nəqliyyatının incəliklərinə yiyələnəcəklər. 

Bilik günündə valideyn xeyir-duası və təbrikləri də səsləndi. 

Bu gün Dəniz Akademiyası ilə yanaşı, ötən ildən Akademiyanın nəzdində fəaliyyətə başlamış Azərbaycan Dənizçilik Kolleci də qapılarını tələbələrin üzünə açıb. Kollecdə də “Bilik günü” yüksək əhval-ruhiyyə və sevinclə qeyd olunub. Kollecin direktoru Namiq Ağamalıyev, Dəniz Akademiyasının tədris işləri üzrə prorektoru Zahid Şərifov gənclərə yenicə start götürən tədris ilində uğur diləyiblər. 

Bayramınız mübarək, əziz tələbələr!