Təlimlər uğurla keçdi + Foto 19.10.2017

Dənizdə insan həyatının təhlükəsizliyi Akademiyanın konvension ixtisaslarında təhsil alan tələbələrin mütəxəssis kimi yetişdirilməsində başlıca fikir verilən məsələlərdəndir. Tələbələrin nəzəri biliklərlə yanaşı praktiki vərdişlərə də yiyələnməsi tədris prosesinin əsas məqsədlərindəndir. Bu baxımdan gənclərin müvafiq təlimlərdə iştirakı böyük əhəmiyyət daşıyır. Odur ki, Akademiyanın professor-müəllim heyəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tələbələrin ixtiyarına verdiyi “Sabit Orucov” tədris gəmisində təşkil olunan dərslərə və təlimlərə xüsusi məsuliyyətlə yanaşır.

Yeni tədris ilində “Xilasedici vasitələr, yanğınla mübarizə və gəminin yaşaması üzrə hazırlıq“ fənni tədris olunan I kurs tələbələri üçün 17-18 oktyabr tarixlərində keçilən təlimlər uğurla sona yetib. ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi“, ”Gəmi elektrik qurğularının istismarı mühəndisliyi“ və “Elektrik mühəndisliyi“ ixtisaslarında təhsil alan gənclər “Dəniz daşımaları və naviqasiya“ kafedrasının baş müəllimi İsmayıl Dünyamalıyevin rəhbərliyi altında, fənn proqramına uyğun olaraq, fərdi və kollektiv xilasetmə vasitələrindən istifadə vərdişlərinə yiyələniblər.

Təlimlərə “Sabit Orucov” gəmisinin kapitanının baş köməkçisi S.Kərimov, bosman R.Rzayev və kapitanın yanğın üzrə köməkçisiD.Həsənov yaxından kömək göstəriblər.

Növbəti həftələrdə “Sabit Orucov” gəmisində I kurs tələbələri üçün yanğınla mübarızə üsullarına dair təlimlər də keçiriləcəkdir.