- XƏBƏRLƏR -
7364 Arxiv
Buraxılış işlərinin müdafiəsinə hazırlıq prosesi başlanıb
2017.11.10 09:31

Azərbaycan Dövlət Dəniz Akademiyasını 2018-ci ildə bitirəcək tələbələrə buraxılış işlərinin mövzularının verilməsi, Dövlət Attestasiya Komissiyalarının tərkibinin müəyyənləşdirilməsi, bütövlükdə buraxılış işlərinin müdafiəsinə hazırlıq prosesləri Akademiya rəhbərliyinin diqqət mərkəzindədir.

Bu işlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə mütəmadi razılaşdırılır və artıq Gəmiçiliyin sədri Rauf Vəliyevin əmri ilə Dövlət  Attestasiya Komissiyalarının sədr və müavinləri təsdiq edilib.     DAK-lara Azərbaycan Dövlət Dəniz Administrasiyasının və “AXDG” QSC-nin yüksək səviyyəli mütəxəssisləri rəhbərlik edəcək. Bu proseslərin gələcək məzunların diqqətinə çatdırılması, onların problemlərinin vaxtında həlli, müdafiələrin şəffaflıq və operativlik şəraitində keçməsi məqsədilə Akademiyanın rektoru Çingiz Əliyev həftə ərzində “Dəniz naviqasiyası mühəndisliyi”, “ Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasları üzrə təhsil alan dördüncü kurs tələbələri ilə ardıcıl görüşlər keçirib. Bu görüşlərdə gənclərə bütün lazımi məlumatlar verilib, Akademiyada buraxılış işlərinin müdafiəsi üçün yaradılan şərait barədə ətraflı söhbət açılıb. Tələbələr onları maraqlandıran suallarla rektora müraciət ediblər.

Görüşlərdə ayrı-ayrı ixtislaslar üzrə aparıcı kafedraların  müəllimləri və fakültə dekanları da iştirak ediblər.

Akademiyanın rektoru Çingiz Əliyev gənclərə uğurlar arzulayıb.